Vəzifəli şəxslər rüşvət alarkən tutuldu

Vəzifəli şəxslər rüşvət alarkən tutuldu
  14 Mart 2013    Oxunub:1412
Baş Prokurorluq növbəti korrupsiya faktı ilə bağlı məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, Şamaxı rayon sakininin Şamaxı rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş müraciəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən birgə araşdırma aparılıb.

Müəyyən edilib ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Qurbanov Mustafa Veysəl oğlu cinayətin təşkilatçısı kimi çıxış edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində texnik-inventarlaşdırıcı vəzifəsində işləyən Dünyamalıyev Mirəvəz Teymurağa oğlu ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar Şamaxı rayon sakininin babasına məxsus evi adına sənədləşdirilməsi üçün sonuncudan 1200 manat məbləğində pul tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində martın 13-də M.Quliyev və M.Dünyamalıyev sonuncuya məxsus avtomobildə həmin məbləğdə pulu rüşvət kimi alarkən hər iki şəxs cinayət başında yaxalanıb.

Baxış zamanı M.Dünyamalıyevə məxsus avtomobildən rüşvət kimi aldıqları 1200 manat pul, üzərinə şikayətçinin mobil telefon nömrəsi yazılmış şəxsiyyət vəsiqəsinin surəti, xidməti otağından müxtəlif sənədlər, həmçinin M.Qurbanovun xidməti otağındakı seyfdən müxtəlif şəxslərin adına olan 10 ədəd şəxsiyyət vəsiqələri, 20 ədəd bankomat kartları, pin kodları yazılmış zərflər aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayət işi üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti