10 gündə Bakı Avtovağzalından 60,2 min sərnişin yola salınıb

10 gündə Bakı Avtovağzalından 60,2 min sərnişin yola salınıb
  10 Mart 2020    Oxunub:2045
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir.
BBAK-dan Azvision.az -a verilən məlumata görə, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır və bu proses heç bir sərnişin sıxlığına səbəb olmur. Belə ki, son 10 gündə 2 min 628 reyslə 60 min 270 sərnişin avtovağzaldan yola salınıb. 175 reyslə 3 min 455 sərnişinin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib. Ən çox sərnişin martın 3-də müşahidə olunub. Həmin gün 470 reyslə 13 minədək sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, “Qırmızı Körpü”, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli “Məlumat mərkəzi” həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Görülən təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərə müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

Azvision.az


Teqlər: Avtovağzal   Sərnişin  





Xəbər lenti