Xarici dövlətlərin hərbi attaşeləri Göygöldə olublar

  06 Mart 2020    Oxunub : 1819
Xarici dövlətlərin hərbi attaşeləri Göygöldə olublar
Ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri martın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional təlim bazasında olublar.
ANAMA-nın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səfərin məqsədi agentliyin həm ölkə daxilində, həm də beynəlxalq çərçivədə həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı tanışlıq olub.

Səfər çərçivəsində ANAMA-nın Göygöl regional təlim bazasında xarici nümayəndələr üçün agentliyin təlim, tədqiqat və keyfiyyətə təminat qurumu tərəfindən tədris edilən təlim kurslarının fəaliyyətini əks etdirən təqdimat olub, təlim avadanlıqları üzrə sərgi təşkil edilib.

Bununla yanaşı, regional təlim bazasının yaxınlığında hazırlanmış xüsusi təlim sahəsində agentliyin minaaxtaranları tərəfindən əl ilə minatəmizləmə, xüsusi təlim keçmiş minaaxtaran itlərin şübhəli əşyanın tapılması və mexaniki minatəmizləmə maşınlarının işləmə fəaliyyəti nümayiş olunub.

Azvision.az

Teqlər: ANAMA