“ASAN xidmət” pilot layihə olaraq Türkiyədə tətbiq ediləcək

“ASAN xidmət” pilot layihə olaraq Türkiyədə tətbiq ediləcək
  06 Mart 2020    Oxunub:10480
"ASAN xidmət" brend kimi tanınır. Birləşmiş Millətlər Təşkilatı (BMT) bütün üzv dövlətlərə bu modelin ictimai xidmətlər sahəsində tətbiqini tövsiyə edib. Tövsiyə əsasında bütün üzv ölkələr müraciət edirlər və tanış olurlar.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri bildirib ki, bu günə qədər 10 ölkə ilə qarşılıqlı sazişlər imzalanıb: "Həmin ölkələrə "ASAN xidmət" konsepti ixrac olunacaq. Artıq Əfqanıstanda 1 mərkəz fəaliyyətdədir. Növbəti üç mərkəzin açılışı bu il ərzində olacaq. Bundan əlavə, Monteneqro, Mərakeş, Uqanda, İndoneziya və Özbəkistanda hal-hazırda ciddi işlər aparılır. Bu, həmin dövlətlərin hüquq sisteminə uyğunlaşdırılmalıdır. Həmçinin, bu yaxınlarda Türkiyə ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirildi. İclasda "ASAN xidmət" modelinin pilot layihə olaraq Türkiyədə tətbiq edilməsi və elektron hökumət sahəsində təcrübə mübadiləsinin aparılması ilə bağlı müqavilə imzaladıq".

Ü.Mehdiyev qeyd edib ki, "ASAN xidmət" sürətli şəkildə dünyaya ixrac olunur: "Hər bir xarici dövlət nümayəndəsi, rəhbər şəxslər ASAN-ı görərkən soruşurlar, necə etmək olar ki, bu sistemi qısa zamanda ölkəmizdə tətbiq edək. Bildirirəm ki, bunun xüsusi bir düsturu yoxdur. Burada 2 əsas məsələ var. "ASAN xidmət" islahatdır. İslahat üçün birinci növbədə siyasi iradə, ikinci isə maliyyə dəstəyi lazımdır. Azərbaycanda cənab Prezidentin siyasi iradəsi ilə bu sistemin qısa müddətdə bütün ölkəni əhatə etməsi üçün tələb olunan resurslar ayrıldı. Bu gün dünyada fəxrlə "ASAN xidmət" modelindən danışa bilirik".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASANxidmət   Brend   İxrac  





Xəbər lenti