“Əli Kərimlinin partiya sədri olması qanunsuzdur” - Məhkəmə işi

 “Əli Kərimlinin partiya sədri olması qanunsuzdur” -  Məhkəmə işi
  06 Mart 2020    Oxunub:2849
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutan prosesdə Əli Kərimlinin müdafiə tərəfindən vəkil Bəhruz Bayramov və AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Təzəxan Mirələmli iştirak ediblər.

Bəhruz Bayramov hələlik ordeni olmadığından məhkəməyə yalnız müşhidəçi qismində qatıldığını bildirib. Təzəxan Mirələmli isə özünü AXCP-nin səlahiyyətli şəxslərindən biri kimi təqdim edib.

Şikayətçi Aydın Əliyev AXCP-dən qanunsuz yolla uzaqlaşdırıldığını deyib və partiya sıralarına bərpa olunmasını xahiş edib.

Daha sonra hakim fasilə elan edib.

Fasilə zamanı Təzəxan Mirələmli ilə iddiaçı Aydın Əliyev arasında polemika yaşanıb. Müdafiə tərəfi partiyanın sonuncu qurultayındakı dəyişikliklərin rəsmən tanınmadığını bildirib. Hesab edirlər ki, bu səbəbdən onun NTK sədri statusu qanunsuz sayılmalıdır.

“Deməyinizdən belə çıxır ki, Əli Kərimlinin partiya sədrliyi də qanunsuzdur. Çünki sonuncu qurultayda Əli Kərimli də sədr seçilmişdi. Təzaxan Mirələmliyə görə Əli Kərimlinin sədrliyi qanunsuzdur”, - deyə Aydın Əliyev qarşı tərəfin iddiasına cavab verib.

Fasilədən sonra hakim Rəşid Səmədov cavabdeh tərəfin vəkilinin iştirak etməməsi səbəbindən məhkəməni təxirə salıb.

Qeyd olunub ki, növbəti məhkəmə prosesi 13 mart tarixində keçiriləcək.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: AXCP   Əli-Kərimli   Məhkəmə  





Xəbər lenti