İlham Əliyev yeni icra başçılarına ciddi tapşırıqlar verdi

  05 Mart 2020    Oxunub : 1521
 İlham Əliyev yeni icra başçılarına ciddi tapşırıqlar verdi
Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı yeni icra başçsılarına tapşırıqlar verib: "Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır. Eyni zamanda, ilk növbədə, rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi araşdırılmalıdır və onların həlli yolları ilə bağlı təkliflər hazırlanmalıdır, yaxud da ki, bu məsələlər yerində öz həllini tapmalıdır.

Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük ola bilər. Neftçala rayonunda sənaye zonası yaradılıb. Deyə bilərəm ki, rayonların arasında birinci sənaye zonası Sumqayıtdan sonra Neftçala şəhərində yaradılıb və artıq fəaliyyətə başlayıb. Azərbaycanda avtomobillər Neftçalada istehsal olunur və bu sənaye zonasının gələcək inkişafı ilə bağlı konkret təkliflər verilməlidir. Hesab edirəm ki, Neftçalada balıqçılıq sənayesinin çox böyük perspektivləri var. Baxmayaraq biz Xəzər dənizinin sahillərində yerləşirik, əfsuslar olsun ki, özümüzü balıqla təmin edə bilmirik, idxaldan asılıyıq. Eyni zamanda, balıqçılıq təsərrüfatlarının yaradılması geniş vüsət almayıb. Mövcud olan təsərrüfatların böyük hissəsi çox primitiv səviyyədədir. Ona görə balıqçılıq həm bizim qeyri-neft sektorumuzun önəmli sahəsi ola bilər, eyni zamanda, ixracyönümlü sahə ola bilər və olmalıdır. Ona görə investorları bu sahəyə cəlb etmək üçün mütləq işlər aparılmalıdır".

Prezident bildirib ki, Neftçala rayonunun turizm potensialı da çox perspektivli ola bilər: "Bu günə qədər rayonda turizmlə bağlı demək olar ki, heç bir iş görülməyib. Halbuki Bakıya o qədər də uzaq deyil, yaxşı yollar da çəkilir. Hesab edirəm ki, orada da turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Əlbəttə ki, kənd təsərrüfatı Azərbaycanın hər bir rayonunun önəmli sahəsidir, əməktutumlu sahədir. Bu sahəyə də diqqət yetirilməlidir.

O ki qaldı, İsmayıllı rayonuna, hesab edirəm ki, İsmayıllı rayonunun əsas inkişaf potensialı turizm və kənd təsərrüfatı ilə bağlıdır. İsmayıllı rayonunun çox mənzərəli, səfalı yerləri, zəngin təbiəti vardır. Ona görə bu imkanlardan tam şəkildə istifadə olunmalıdır. Dövlət isə öz tərəfindən bundan sonra da infrastruktur layihələrinin icrası ilə bağlı önəmli addımlar atacaq. Necə ki, bu yaxınlarda Lahıc qəsəbəsinə yeni yolun çəkilişi təmin edilib. Bu da əvvəlki yola nisbətən xeyli təhlükəsiz yoldur və məsafə baxımından Bakıdan daha qısa yoldur və Şamaxı rayonundan düz Lahıc kəndinə gəlir. Yolun açılışını mən şəxsən etmişəm. Özüm sükan arxasında bu yolu getmişəm və artıq turistlər üçün Lahıca gəlmək imkanı daha da genişdir.

Eyni zamanda, Lahıc qəsəbəsinin qazlaşdırılması, yeni məktəbin tikintisi həll olunub. Bizim digər tarixi kəndimiz olan Basqalın tarixi irsinin qorunması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanıb. Bu da bu kəndin tarixinə, keçmişinə və zəngin mədəni irsinə Prezident tərəfindən verilən yüksək qiymətdir. Çünki çox nadir hallarda Prezident tərəfindən hansısa kəndin inkişafı ilə bağlı Sərəncam imzalanır. Düzdür, bu məsələlər daim diqqət mərkəzindədir. Hər bir kənd mənim üçün doğmadır və əzizdir, amma Azərbaycanın müxtəlif bölgələrində tarixi yaşayış yerləri vardır ki, onlara dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir. Basqal kəndinin gələcək inkişafı ilə bağlı əsas amillər tarixi keçmişimizi qorumaq və turizm imkanlarımızı genişləndirməkdir.

Bir sözlə, hesab edirəm ki, kənd təsərrüfatı və emal sənayesi sahəsində böyük imkanlar var və siz çalışmalısınız ki, bu rayonlarda gedən işlər yaxın zamanlarda öz nəticəsini versin. Sizin fəaliyyətinizdə bax, bu amillər əsas rol oynayacaq - vətəndaşların məmnunluğu, rayonların inkişafı, iqtisadi-sosial göstəricilər və investisiyaların cəlb edilməsi".

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident