Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi - FOTOLAR (YENİLƏNİB)

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi -  FOTOLAR (YENİLƏNİB)
  05 Mart 2020    Oxunub:13518
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.



İclasda məruzəçi hakim Rövşən İsmayılov bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.



Digər məruzəçi hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğundan bildirilib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə bağlı 67 şikayət təqdim edilib və baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Baxılan müraciətlər seçkilərin yekununa dair protokola təsir etməyib.



İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. O deyib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib: “Deputatlığa 19 siyasi partiyanı, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı olmaqla, ümumilikdə 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb”.



MSK sədri vurğulayıb ki, daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli - Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb: “Bundan əlavə, sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub”.



M.Pənahovun sözlərinə görə, Milli Məclisə seçkilərin müşahidəsinə 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi qatılıb. “Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə "exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər”.

Məzahir Pənahov, həmçinin qeyd edib ki, Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak edib.



Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova suallar ünvanlayıb. MSK sədri suallara cavab verib.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov çıxış edib. O, 9 fevral Milli Məclisə seçkilərin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.



Müzakirələrdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirəyə gediblər.

Daha sonra Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Seçki   Parlament  





Xəbər lenti