Gəncə şəhəri Avropa bankı ilə razılaşdı

Gəncə şəhəri Avropa bankı ilə razılaşdı
  04 Mart 2020    Oxunub:2287
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Gəncənin şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlib.
Azvision.az xəbər verir ki, Gəncə AYİB-ın Yaşıl Şəhərlər proqramına qoşulur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterinklə görüşüb. Gəncədə infrastrukturun və yaşayışın yaxşılaşdırılması məsələsi Bakıda keçirilən görüşün əsas mövzusu olub.

"Gəncə və AYİB şəhərdə təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəliblər. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır Gəncə şəhəri AYİB-in Yaşıl Şəhərlər dayanıqlıq proqramına qoşulmaq niyyətindədir", - deyə AYİB-dən bildirilib.

Məlumatda həmçinin qeyd edilib ki, Gəncə şəhəri AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Gəncə və AYİB arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdənnAzərbaycanın ikinci böyük şəhərində yaşayan 300 mindən çox əhali bəhrələnəcək.

Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, nəqliyyat, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə də hazırdır.

AYİB Yaşıl Şəhərlər proqramı şəhərlərin öz sakinlərinin həyat keyfiyyətini yüksəltməyə kömək üçün əlçatan dəstəyi təklif etmək məqsədilə yaradılıb. Proqramda iştirak edən bütün şəhərlər öz yerli mühitini yaxşılaşdırmağı hədəfləyən ilk layihəni həyata keçirdikdən sonra, AYİB-in köməkliyi ilə öz ehtiyaclarına ən uyğun gələn növbəti investisiya və siyasət dəyişikliklərini müəyyən etmək üçün tədbirlər planı hazırlamağa başlayır. Dünyada enerjinin 70 faizini istehlak edən və istixana qaz emissiyalarının 80 faizi payına düşən şəhərlər iqlim dəyişikliyi və ətraf mühitin məhvini dayandırmaq üçün böyük imkan vəd edir. Bu hal AYİB-in fəaliyyət göstərdiyi şəhərlər üçün xüsusilə aktualdır. Belə ki, bu şəhərlərdə köhnə şəhər infrastrukturları vətəndaşların həyat keyfiyyətini aşağı salr, istixana qaz emissiyalarını artırır və sakinlərin iqlim dəyişikliyinin şərtlərinə uyğunlaşmasına çətinlik yaradır.

AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 milyard avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkət göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.

Azvision.az



Teqlər: Gəncə  





Xəbər lenti