Çirkab suları dənizə axıdılır: Rəsmi qurumlar nə deyir? - FOTOLAR

  04 Mart 2020    Oxunub : 2931
Çirkab suları dənizə axıdılır: Rəsmi qurumlar nə deyir? - FOTOLAR
Suraxanı rayonu, Hövsan qəsəbəsində kanalizasiya suları təmizlənmədən birbaşa dənizə axıdılır. Kanalizasiya sularının üfünət qoxusundan qəsəbədə sahil ərazilərə yaxınlaşmaq mümkün deyil. Həmçinin suların təmizlənmədən axıdılması Xəzər dənizinin çirkləndirilməsinə səbəb olur ki, bu da insanlar üçün təhlükə mənbəyidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşova Azvision.az -a bildirib ki, Xəzər sahili ərazilərində tez-tez monitorinq keçirilir, dəniz suyundan nümunələr götürülür, mikrobioloji təhlillər aparılır.



“Monitorinqlərin nəticəsinə əsasən, Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub. Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı sular isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan dənizə axıdılır. Bununla bağlı aidiyyatı qurumlara məlumat verilib”.



“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı isə Azvision.az -a açıqlamasında bildirib ki, Hövsanda kanalizasiya suları açıq kanala axıdılır.

“Bu kanal sovetlər dönəmində çəkilib və elə o vaxtdan neft sənayesinin balansındadır. Kanaldan əsasən neft sənayesinin suları axıdılır. Balansımızda olmayan və xidmət etmədiyimiz kanaldır və bizə aid məsələ deyil”.










Aytən Zəhra
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: Hövsan   Dəniz