Koronavirusla mübarizədə xarici ölkələrin təcrübəsi öyrənilir

  03 Mart 2020    Oxunub : 1774
 Koronavirusla mübarizədə xarici ölkələrin təcrübəsi öyrənilir
Koronavirusla mübarizə üçün xarici ölkələrlə təcrübə mübadiləsi məqsədilə Çin Xalq Respublikasının (ÇXR) nümayəndələri ilə 6 ölkənin (Azərbaycan, Belorusiya, Gürcüstan, Moldova, Türkmənistan və Ermənistan) nümayəndələri arasında videokonfrans keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, videokonfransda ÇXR tərəfdən Xəstəliklərin profilaktikası və kontrolu Mərkəzinin direktoru, akademik Qao Fu, Baş epidemioloq U Szun Yu, Pekin Universitet Xəstəxanasının baş həkimi və yoluxucu xəstəliklər şöbəsinin müdiri Van Quytsyan, Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin direktor müavini Yuy Syuzn, Fövqəladə Hallar, Səhiyyə, İqtisadiyyat, Gömrük və digər Departamentlərin əməkdaşları iştirak ediblər.

Azərbaycan tərəfini Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Asiya, Afrika və Okeaniya ölkələri ilə iş sektorunun müdiri Səadət Rəhimli, Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Eldar Səlimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev, Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin mikrobiologiya mütəxəssisi Qumral Ələkbərova, ÇXR-nin ölkəmizdəki səfirliyinin Siyasi məsələlər üzrə şöbəsinin rəhbəri Xu Qinq, səfirliyin Attaşesi Şi Fanq və digər nümayəndələr təmsil edib.

Çinli ekspertlər ölkələrində koronavirus epidemiyası ilə bağlı mübarizə haqqında təqdimat edib və digər ölkə ekspertlərinə öz tövsiyələrini veriblər. Görüş 6 ölkənin nümayəndələrini maraqlandıran sualların Çinli ekspertlər tərəfindən cavablandırılması ilə davam edib.

Sonda Azərbaycan və Çin tərəfinin ikitərəfli görüşü keçirilib və ekspertlər fikir mübadiləsi aparıblar.

Azvision.az

Teqlər: Koronavirus