​Övladlığagötürmə ilə bağlı yeni altsistem təqdim olundu

  03 Mart 2020    Oxunub : 1927
​Övladlığagötürmə ilə bağlı yeni altsistem təqdim olundu
DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı olub.
Azvision.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələrinin yaradıldığını deyib.

Onun sözlərinə görə, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir:

"Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub. Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək. Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub".

Nazir müavini eyni zamanda, övladlığagötürmə sahəsində idarəetmənin e-texnologiyalar üzərində aparılacağını deyib.

Sonra yeni altsistem, onun funksional imkanları barədə təqdimat edilib.

A.Kərimov bildirib ki, övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da övladlığagötürmə sahəsində idarəetmənin obyektiv və şəffaf, çevik həyata keçirilməsinə şərait yaradır:

"Qanunvericilikdə nəzərdə tutulan qurumlar valideyn himayəsindən məhrum olmuş uşağı aşkar etdikdən sonra bu barədə məlumatları altsistemə 24 saat ərzində daxil etməlidir. Məlumatlar daxil edildiyi gündən həmin uşaq vahid uçota alınır. Valideyn-namizəd şəxsi kabinetindən altsistemin qiymətləndirmə bölməsinə daxil olaraq müvafiq məlumatları daxil etməklə, övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə də bilər".

Aytən Zəhra
Azvision.az

Teqlər: DOST   Uşaq   Övladlığagötürmə