Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək

Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək
  28 Fevral 2020    Oxunub:2061
Prezident İlham Əliyev Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az-ın məlumatına görə, sərəncamda deyilir:

2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.

Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr etmiş, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynamışdır.

Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görmüşdür. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf etmişdir.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azvision.az


Teqlər: Prezident   Sərəncam  





Xəbər lenti