Metro gücləndirilmiş iş rejimində çalışacaq

Metro gücləndirilmiş iş rejimində çalışacaq
  26 Dekabr 2013    Oxunub:995
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında yanvarın 6-dək elan edilmiş istirahət günlərində Bakı metropoliteni xüsusi iş rejimində çalışacaq.
Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun AzVision.az-a verdiyi məlumata görə, sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə lazım olan bütün tədbirlər planı artıq hazırdır. Bu günlər üçün iş vaxtı və qatarların hərəkət cədvəli ilə bağlı məsələlər artıq həllini tapıb.

Stansiyalarda növbətçilik sistemi də müvafiq tələblərə uyğun olaraq gücləndiriləcək.

Xüsusən dekabrın 31-də metropolitendə sərnişin tələbatından asılı olaraq, metropolitenin iş rejimində dəyişiklik də edilə bilər. Hidayət Məmmədov onu da diqqətə çatdırıb ki, artıq ehtiyat qatarların ayrılması ilə bağlı qərar da verilib. Ehtiyac olarsa, metropoliten gecə saat 24:00-da yekunlaşan iş vaxtını bir qədər də uzada bilər:

"Gücləndirilmiş iş rejiminə əsasən, bütün tədbirlər görülüb. Əsas vəzifəmiz sərnişinlərə nümunəvi xidmət etməkdir. Belə günlərdə metropoliten əhalinin bayram ovqatına dəstək olmaq üçün, həmişəki kimi, vəziyyətə uyğun hərəkət edəcək. Xüsusən dekabrın 31-də saat 24:00-dan sonra, yəni yanvarın 1-nə keçən gecə, tələbatdan asılı olaraq, iş vaxtı bir qədər uzadıla bilər. Sonrakı istirahət günlərində isə qatarların hərəkəti, ənənə üzrə, istirahət və bayram günlərinə uyğun təşkil ediləcək və işimizi sərnişin axını müəyyən edəcək. Həmin günlərdə də tələbat duyularsa, ehtiyat qatarların da xəttə buraxılması mümkündür və buna hazır olacağıq".


Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti