HHQ-nin arsenalı 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilir

  27 Fevral 2020    Oxunub : 3315
HHQ-nin arsenalı 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilir
“Artıq bir neçə ildir ki, Azərbaycan HHQ-də genişmiqyaslı islahatlar aparılır. Xüsusilə də, aviabazaların modernləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır”.
Azvision.az xəbər verir ki, bunu İtaliya Respublikasından "M-346" tipli təlim-məşq təyyarələrinin alınmasını şərh edərkən Hərbi Hava Qüvvələrinin (HHQ) polkovniki Namiq İslamzadə qeyd edib.

Polkovnik bildirib ki, hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir:

"Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346” tipli təyyarənin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar".



N.İslamzadə qeyd edib ki, "M-346" tipli təyyarələrin əldə edilməsi gənc hərbi pilotlarımızın peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq:

"Eyni zamanda "M-346" təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq. Sonda xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan HHQ-nin arsenalının 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasına rəsmi səfəri zamanı Azərbaycan ilə İtaliya arasında bir sıra mühüm sənədlər imzalanıb.

İmzalanan sənədlər arasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və İtaliyanın “Leonardo S.p.A” şirkətinin icraçı direktoru Alessandro Profumo tərəfindən imzalanan “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni xüsusi qeyd etmək olar.

Azvision.az

Teqlər: HHQ   Təyyarə   M-346