Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi

 Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
  27 Fevral 2020    Oxunub:10619
Bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub.

Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilmiş və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.

Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı 1 ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, 6 ədəd patron, 1 ədəd “RQD-5” əl qumbarası və 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti