“Hazırki vəziyyət Azərbaycana da təsir edəcək” - Kənan Quluzadə

“Hazırki vəziyyət Azərbaycana da təsir edəcək” -   Kənan Quluzadə
  27 Fevral 2020    Oxunub:3183
"Biz düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan sonra görəcəyik".

Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, hazırda dünya üzrə səyahətlərin azalması prosesi gedir.
"İnsanlar artıq koronavirus olan yerlərə getməkdən çəkinirlər: Bu vəziyyət Azərbaycana da təsir edəcək. Vəziyyət gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundan əvvəl isə İran, İtaliya və digər ölkələrdə virus müəyyən edilib".

K.Quluzadə qeyd edib ki, bəzi ölkələr sərhədlərini bağlayırlar, bu da turizmə təsir edən amillərdir.

"Lakin bizim böhranla bağlı ssenarilərimiz var. Əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə əlaqədar ciddi layihələrimiz var idi. Həmin layihələr indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. 2018-2023-cü illər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasını genişləndirək, hər hansı bazarda problem yarandıqda digərləri ilə işləyək".

Agentlik rəsmisinin sözlərinə görə, turizm şirkətlərinə göstəriş verilib ki, koronavirus yayılan ölkələrə həm gedənləri, həm də gələnləri təlimatlandırsınlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Agentlik  





Xəbər lenti