Baronessa Nikolson Bakıya gəlir: “Səbirsizliklə gözləyirəm”

Baronessa Nikolson Bakıya gəlir:  “Səbirsizliklə gözləyirəm”
  26 Fevral 2020    Oxunub:2667
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson fevralın 27-də Azərbaycana səfər edəcək.

Azvision.az səfirliyə istinadən xəbər verir ki, Baş nazirin ticarət nümayəndəsi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak edəcək.
“Bu, Böyük Britaniya ilə Azərbaycanın enerji sektorundakı əməkdaşlığının yüksək səviyyədə olmasını göstərir. Baronessa Nikolson, eyni zamanda, Böyük Britaniyanın Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya etməyə hazır olduğunu vurğulayacaqdır. Böyük Britaniya Azərbaycanın geniş günəş, külək və hidroenerji potensialını artırmaq üçün öz təcrübəsini və biznesini investisiya etməyə hazırdır. Baronessa Nikolson, Azərbaycanın yüksək vəzifəli rəsmiləri, Britaniya biznes icması ilə görüşəcək, həmçinin Bakıda yerləşən “Birgə və Sağlam” Autizm mərkəzinə baş çəkəcəkdir”, - deyə məlumatda vurğulanıb.

Səfərdən əvvəl britaniyalı rəsmi bildirib ki, 2020-ci ildə Baş nazirin region üzrə ticarət elçisi kimi ilk səfərini Azərbaycana etməkdən çox şaddır:

“Ölkələrimiz arasında enerji, iqtisadiyyat və mədəniyyət daxil olmaqla, hər bir sahədə güclü ikitərəfli tərəfdaşlıq mövcuddur və mən bu tərəfdaşlığı daha da inkişaf etdirəcəyimə ümid edirəm. Bu, həm də plantemizin gələcəyi və ətraf mühitə münasibətimiz üçün əsas bir məqamdır. Noyabr ayında Böyük Britaniya bu ilin əsas iqlim dəyişikliyi konfransı – COP26-ya Qlazqoda ev sahibliyi edəcək. Böyük Britaniya artıq 2050-ci ilə qədər karbon (CO2) emissiyalarında sıfıra çatmağı öhdəsini götürmüşdür və bütün digər ölkələri hamımızın, övladlarımızın və nəvələrimizin birilikdə daha yaşıl bir gələcəyə ümid etmələri üçün səy göstərməyə çağırırıq.

Prezident Əliyev artıq Azərbaycanın bərpa olunan enerjini mənimsəmək əzmini açıq şəkildə bildirmişdir və yaxın günlərdə karbon emissiyasının azaldılması ilə bağlı Azərbaycanın Qlazqoda hansı iddialı öhdəlikləri üzərinə götürəcəyini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya  





Xəbər lenti