“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - İntihar edən tələbənin atası

  “Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” -   İntihar edən tələbənin atası
  26 Fevral 2020    Oxunub:33007
Ötən gün gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.
Yayılan məlumatlara əsasən, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci il təvəllüdlü Məmmədov Balahüseyn Zöhrab oğlu bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Balahüseynlə ailə qurmasına qarşı çıxıb. Tələbə qızın bu səbəbdən özünü öldürdüyü deyilir. Hadisə vaxtı Balahüseyn sevdiyi qızın ardınca özünü dənizə atsa da, onu xilas etmək mümkün olub.

Azvision.az hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün Nəzakətin atası Müğdət Rzazadə ilə əlaqə saxlayıb. O, əməkdaşımıza bildirib ki, qızı sevgilisi deyilən Balahüseyn Məmmədov tərəfindən qaçırılıb.

“Günorta saat 3-də oğlanın atası mənə zəng etdi ki, qızını qaçırmışıq, artıq iş işdən keçib, axşam sizə elçi gəlmək istəyirik. Buna inanmadıq. Dedim, mənim qızım elə iş tutmaz. Tez Nəzakətə zəng etdik. O dedi ki, ata, inanma, yalan söhbətdir. Axşam saat 12-də yenə zəng etdik, qızım ağlaya- ağlaya cavab verdi. Dedim, Nəzakət, narahat olma, təcili Bakıya gəlirəm. Getdim, evdə yox idi. Rəfiqələrindən soruşdum, heç kim yerini bilmədi. Gecə saat 6-da xəbər gəldi ki, qızım özünü dənizə atıb”.

M. Rzazadənin sözlərinə görə, hadisə baş verən günədək qızının sevgilisinin olduğunu bilməyiblər.

“İndiyədək heç kim bizə elçi gəlməyib. Həmin oğlandan xəbərimiz olmayıb. Nəzakət qaçırılandan sonra oğlanın evindən naməlum istiqamətdə yoxa çıxıb. Bizdə olan məlumata görə, Nəzakətdən 20 dəqiqə sonra oğlan hadisə yerinə gəlib. Balahüseyn haradan bilirdi ki, Nəzakət bulvara gedəcək? Müəmmalıdır”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tələbə   Bulvar   İntihar  





Xəbər lenti