Ərdoğan Azərbaycanla bağlı hədəfləri açıqladı - VİDEO (YENİLƏNİB)

  25 Fevral 2020    Oxunub : 6583
 Ərdoğan Azərbaycanla bağlı hədəfləri açıqladı - VİDEO (YENİLƏNİB)
Bu ilin sonuna qədər Azərbaycanın ölkəmizə sərmayələrinin 20 milyard dollara çatacağını gözləyirik.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə deyib. Ərdoğan bildirib ki, Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır.

Onun sözlərinə görə, Ankara və Bakı arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi strateji tərəfdaş olan Azərbaycanla münasibətlərin səviyyəsini göstərir:

"Prezident İlham Əliyevlə bir sıra məsələlərlə bağlı telefonda müzakirələr aparırıq. Azərbaycanda keçirilmiş parlament seçkiləri daxil olmaqla, bir sıra məsələləri müzakirə edəcəyik”.



Ərdoğan bildirib ki, bu günə qədərki toplantılarda alınan qərarlarla TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu kimi strateji layihələr həyata keçirilib.

“Ötən il ticarət dövriyyəmiz artaraq 4,4 milyard dollara çatıb. Amma 2015-ci ildəki 5 milyard dollar həddinə çata bilməmişik. İkitərəfli ticarəti 2023-cü ilə qədər 15 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında ticarət sazişi imzalayaraq, bu hədəfin reallaşması istiqamətində tarixi addım atacağıq”.

Ərdoğan, həmçinin deyib ki, Türkiyə firmaları Azərbaycanda 14,2 milyard dəyərində 414 layihə həyata keçiriblər: "Bundan sonra da Azərbaycanın inkişafına töhfə verməyə davam edəcəyik".

Xatırladaq ki, bu gün Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya gəlir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan