Pakistanda Azərbaycanla bağlı mühüm qətnamə qəbul edildi
Assambleya Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını və 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən soyqırımı və İƏT və BMT qətnamələrinə əhəmiyyət verilməməsini pisləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycan Respublikasının səylərini dəstəkləyir. Assambleya bəyan edir ki, Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməyənədək və beləliklə də bu iki ölkə arasında sülh əldə olunmayanadək Ermənistanla diplomatik münasibətlər qurulmayacaq.
Məlumat üçün bildirmək istərdik ki, Xeybər Puxtunxva əyaləti Pakistanın dörd inzibati əyalətindən biri olub, ölkənin şimali-qərb bölgəsində yerləşir və əhalisinin sayına, həm də iqtisadiyyatına görə üçüncü böyük əyalət hesab olunur. Əyalətin Assambleyası təkpalatalı qanunverici qurum olmaqla 5 il müddətinə seçilən 145 üzvdən ibarətdir.
Pakistan Senatının Xarici Əlaqələr Komitəsi 2012-ci ildə, Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi tərəfindən 2017-ci ildə Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edilib.
Azvision.az