Azercell transformasiya ilininin nəticələrini açıqladı

Azercell transformasiya ilininin nəticələrini açıqladı
  22 Fevral 2020    Oxunub:2292
Ötən il Azərbaycanı yeni bağlantı erasına hazırlamağı vəd edən Azercell Telekom 2019-cu ildə ən son texnoloji yenilikləri ölkəyə gətirməklə yanaşı, 4.5 milyon nəfərdən çox abunəçinin seçimi və 49% bazar payının sahibi kimi mobil kommunikasiya bazarında birinciliyini qorumuş oldu.
Artıq uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olan Azercell 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat, 23 il ərzində isə 1 milyard 845 milyon manat vergilər də daxil olmaqla, dövlət büdcəsinə ödənişlər edib. Şirkət tərəfindən Azərbaycanda telekommunikasiyanın inkişafına ötən il 94 milyon yarım ABŞ dollarından çox, ümumilikdə isə 1 milyard 621 milyon ABŞ dollarından artıq sərmayə yatırılıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları keçib.

2019-cu ildə yenilənmiş brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.
İyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirildi. 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgilədi.
Yeni texnoloji imkanları və rəqamsal xidmətləri vətəndaşlara daha yaxşı tanıtmaq üçün Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” layihəsilə ölkənin 26 müxtəlif şəhər və bölgəsinə səfər edərək əhali üçün maarifləndirici və əyləncəli rəqamsal proqramlar təşkil etdi.

Rəqəmsal bağlantı erasına hazırlıq ərəfəsində Azercell yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366%, əhali əhatəsini isə 120% artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. “Systemics” Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə 4G texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə yüklənməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib.


Cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi bir neçə ay öncə Azercell-in ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verməsi oldu. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Saniyədə 1.1Gbit-ə qədər ötürmə və yükləmə sürətini mümkün edən pilot 5G şəbəkəsi artıq Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsində təqdim edilib.



5G-nin inkişafını sürətləndirmək məqsədilə Azercell ötən ilki Bakutel Telekommunikasiya sərgisi çərçivəsində Ericsson şirkəti ilə Azərbaycanda strateji tərəfdaşlığa başlanılması ilə bağlı Anlaşma Memorandumu imzaladı.

Abunəçilərə qüsursuz xidmət göstərilməsini hədəfləyən şirkət 2019-cu ildə ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərib. Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4 milyon 558 mindən artıq, Ön masa ofislərində 1 milyon 48 mindən artıq, Azercell-in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsilə 106 mindən artıq, Sosial Media vasitəsilə 58 min-dən artıq abunəçiyə xidmət göstərilib.

Ötən il Azercell xaricə səyahət edən abunəçiləri üçün sərfəli internet xidmətini təklif edib. Aylıq və Günlük Rominq İnternet Paketləri ölkə hüdudlarından kənarda olan hər bir Azercell abunəçisi üçün mobil interneti daha əlçatan və rahat edib.
Müştərilərin rahat şəkildə yaxınları ilə ünsiyyət saxlamaları üçün Azercell Aylıq İnternet Paketlərində Whatsapp əlavəsində pulsuz yazışma imkanı yaratdı. 2019-cu ildə təqdim olunmuş müxtəlif həcmli yeni Sərbəst tarifi isə özündə həm danışıq, həm internet paketi, həm də limitsiz yazışma imkanlarını birləşdirərək abunəçilər arasında böyük populyarlıq qazandı.

Azercell şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim etdi. Bundan əlavə, nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı da tamamilə aradan qaldırıldı və nömrələrin satışı mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyilə həyata keçirildi.

Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə doğan tələbatdan irəli gələrək Azercell ötən ildə əyləncə və səmərəli istifadə üçün ivi, Zvuk, Azercell Kids və Bookmate mobil tətbiqlərini Azercell+ xidmətləri çətirinin altında birləşdirdi.

Eyni zamanda, korporativ abunəçilərin istifadəsinə daimi ünsiyyət üçün olduqca rahat “Biznesim Sosial Şəbəkələr” internet paketlərini verməklə Azercell ölkəmizdə iri/orta və kiçik sahibkarlığın inkişafına öz töhfəsini qatmş oldu.

Azercell-in təqdim etdiyi müxtəlif yeniliklər və sərfəli tariflər nəticəsində, hazırda Azercell abunəçilərinin 58.6%-i smartfon istifadəçiləridir.

Rəqəmsallığı, eyni zamanda, Korporativ Sosial Məsuliyyət strategiyasında əks etdirən Azercell təhsilin inkişafı, gənclərin inkişafı, uşaq hüquqlarının qorunması, sağlamlığın müdafiəsi, rəqəmsal savadlılığın artırılması, mədəni irsin qorunmasına töhfə verən təşəbbüslərini davam etdirdi. Yay aylarını əhatə edən “Rəqəmsal dünya bölgələrdə” layihəsi çərçivəsində şirkət nümayəndələri düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsi də daxil olmaqla, həmçinin, uşaq evləri, internat məktəbləri, məcburi köçkün düşərgələrinin sakinləri və aztəminatlı ailələrə hədiyyələr payladılar, onlar üçün Azercell Mobil Diş və Mobil Gös klinakalarında pulsuz müayinələr təşkil etdilər.



Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən Azercell-in Mobil Göz klinikasında da ötən il ərzində Bakı və bölgələrdən 901 nəfər pulsuz göz müayinəsindən keçib. 10 il ərzində kimsəsiz uşaqlara, sosial qayğıya ehtiyacı olan vətəndaşlara xidmət edən Mobil Diş Klinikasında isə son il ərzində 547 pulsuz diş müayinəsi və müalicəsi olub.

Uşaqların və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəallığı ilə seçilən Azercell onların rəqamsal mühitdə qorunmasına xüsusi diqqət yetirir. Ötən il ərzində şirkət “Rəqamsal vətəndaşlıq və internet təhlükəsizliyi” mövzusunda ölkənin müxtəlif bölgələrində uşaqlar, valideyinlər və müəllimlər üçün xüsusi təlimlər təşkil etdi.
Azercell Azərbaycanda ilk dəfə olaraq Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, internetdən təhlükəsiz istifadə mövzuları ətrafında təşkil olunan layihələrdə fəal iştirak edib. 2019-cu il ərzində 588 şagird, 76 valideyn, 78 müəllim kibertəhlükəsizlik təlimlərindən yararlanmışdır. Layihə başlandığı zamandan indiyə qədər isə ümumilikdə 1250 şagird, 219 valideyn, 178 müəllim təlimlərdə iştirak edib.

Azercell-in himayəsi altında 2010-cu ildən etibarən fəaliyyət göstərən Uşaq Qaynar Xətt Xidmətinə ötən il 3424, 10 il ərzində isə 33 minə yaxın müraciət daxil olub.

Azercell-in dəstəyilə keçirilən 5-ci Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaq 7 idman növündə 19 medal uğrunda mübarizə apardı.

Azercell-in “Bookmate” proqramına 650 illiyi qeyd olunan şair-mütəfəkkir İmadəddin Nəsiminin qəzəllərinin 3 dildə yerləşdirilməsi isə şirkətin Azərbaycan mədəniyyətinin təbliği və “ 2019 Nəsimi ili”nə böyük töhfəsi oldu. Layihədə ökənin mədəniyyət xadimləri ilə yanaşı, respublikada fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək, Azercell-in video çarxında Nəsiminin qəzəllərini müxtəlif dillərdə səsləndirdilər.

Ölkədə informasiya texnologiyalarına olan marağı yüksəltmək məqsədilə 2019-cu ildə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdi.

Güclü və işinə həvəsli İnsan Kapitalına xüsusi önəm verən Azercell Telekom 2019-cu il ərzində əməkdaşlarının inkişafına 973 min ABŞ dollarından artıq vəsait xərcləmişdir. Bundan əlavə, 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin Tələbə proqramlarından yararlanmış, Azercell Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilmişdir.

Təbii haldır ki, şirkətin fərqli istiqamətlərdə innovativ fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumların diqqətinə səbəb olaraq 2019-cu ildə də Azercell-ə nüfuzlu mükafatlar qazandırdı. ABŞ-ın prestijli biznes mükafatı olan «Stevie» mobil operatoru “İlin Telekommunikasiya şirkəti” adına layiq gördü.
Azercell-in yeni brend kimliyinin təqdim edilməsi isə ilin İnnovasiya tədbiri seçildi və Azercell Azərbaycan İnnovasiya Müküfatına layiq görüldü.
Day.az media portalının «İnsanların Seçimi» müküfatının «İlin ən yaxşı mobil operatoru» nominasiyasının qalibi də Azercell Telekom seçildi.

Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell ən son texnoloji yeniliklərin və innovativ həlllərin ölkədə tətbiqinə davam edəcək.



Teqlər: Azercell  





Xəbər lenti