Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq etdi

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq etdi
  20 Fevral 2020    Oxunub:2194
Qanunvericiliyə görə, heç kəs zorla işlədilə bilməz və hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır.
Azvision.az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Yevlax rayonunda “Məcburi əməyin və insan alverinin qarşısının alınması” və “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.

İşəgötürənlərin nümayəndələrinin iştirak etdikləri seminar zamanı müvafiq mövzuda məlumatlar verilib. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunduqlarını qeyd edilib. Bildirilib ki, məcburi əmək üçün əsasən kənd təsərrüfatı, ev işlərinin görülməsi, tikinti, mədən sənayesi, kərpic və daş istehsalı, emal və qablaşdırma və digər sahələr riskli hesab olunur.

Tədbirdə həmçinin əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. İşçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi və digər məsələlər haqqında məlumatlar verilib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti