Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

  19 Fevral 2020    Oxunub : 1395
Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, onların mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, Müdafiə Nazirliyinin hərbi hissə, müəssisə və təşkilatlarında, həmçinin ümumtəhsil məktəblərində faciənin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunacaq.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində, Hərb Tarixi Muzeyində kitab, foto və rəsm sərgilərinin, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlərinin təşkili, xüsusi təyinatlı təhsil müəssisələrində və hərbi hissələrdə “XX əsrin faciəsi - Xocalı Soyqırımı” adlı tədbirlərin keçirilməsi, faciəyə həsr olunan ədəbi-bədii kompozisiyaların təqdim edilməsi, bədii və sənədli filmlərin nümayişi, “dəyirmi masa” və tematik gecələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Azvision.az

Teqlər: Ordu   MN