Şəkidə könüllülər üçün “Qış məktəbi”nin açılışı oldu

Şəkidə könüllülər üçün “Qış məktəbi”nin açılışı oldu
  18 Fevral 2020    Oxunub:3522
Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Şəki şəhərində “Qış məktəbi” təşkil edilib. Fevralın 17-də başlayan beş günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət 60-dan çox könüllü cəlb olunub.
Qurumdan Azvision.az -a verilən məlumata görə, fevralın 18-də baş tutan açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərində yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb. “Qış məktəbi”nin açılış mərasimində Fondun İcraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, bu il cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilib.



Mənəvi Dəyərlərin Təbliği Fondu bu Sərəncama əsasən ötən illərdə olduğu kimi, bu il də könüllülük fəaliyyəti ilə bağlı bir sıra geniş layihələri həyata keçirməyi planlaşdırır. M.İsmayılov qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd ölkə gənclərini milli və mənəvi dəyərlərimizin təbliğində könüllü fəaliyyətə cəlb etmək, bu dəyərlərin inkişaf etdirilməsində, yaşadılmasında könüllülərin rolunu artırmaqdır.



Daha sonra şair, yazıçı Kənan Hacının “Mənəvi dəyərlərimiz və ədəbiyyat” mövzusunda mühazirəsi dinlənilib. Qeyd edək ki, “Qış məktəbi”ndə iştirak edən könüllülər Şəki şəhərində Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Xan sarayı, Karvansaray kompleksi, Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın ev muzeyləri, Şəki mərkəzi “Cümə” məscidi, Kiş kəndində yerləşən Kiş Alban xristian məbədi və digər mədəniyyət ocaqlarını, tarixi-mədəni, dini abidələri ziyarət edəcəklər.



“Qış məktəbi” çərçivəsində könüllülər “Dəyərlərimizin təbliğində könüllülük fəaliyyəti” ilə bağlı məruzələri dinləyəcək, intellektual, milli oyunların iştirakçısı olacaqlar. “Qış məktəbi”nə fevralın 21-də yekun vurulacaq.




Azvision.az



Teqlər: Könüllü   Qış-məktəbi  





Xəbər lenti