Məmmədyarov Brüsseldə beynəlxalq konfransda iştirak edib

  17 Fevral 2020    Oxunub : 1409
 Məmmədyarov Brüsseldə beynəlxalq konfransda iştirak edib
Bu ilin 17 fevral tarixində Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyenin dəvəti əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, konfransda Avropa İttifaqının Komissiyasının Prezidenti, Albaniya Baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti açılış nitqi ilə çıxış edib, eləcə də bir çox dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri bəyanatlarını səsləndiriblər.

Konfransda çıxış edən nazir Elmar Məmmədyarov qeyd edib ki, Albaniya Azərbaycanın çox mühüm tərəfdaşıdır və bunun ən bariz nümunəsi Xəzər dənizi bölgəsini, xüsusilə də Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ilə əlaqələndirən və İtaliyada başa çatan strateji Cənubi Qaz Dəhlizinin təşviq edilməsi üçün Albaniya Baş naziri Edi Ramanın Bakıya çoxsaylı səfərləri və bu səfərlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşləridir.



Nazir Elmar Məmmədyarov Albaniyada faciəvi zəlzələ baş verən zaman Azərbaycanın Albaniyaya humanitar yardım göstərən ilk ölkələr sırasında olduğunu və ölkəmizin Albaniyaya yarım milyon avro məbləğində yardım göstərdiyini qeyd edib. O, Albaniya hökumətinə və xalqına daha yarım milyon avro məbləğində yardımın göstəriləcəyi vədini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Nazir, Azərbaycanın müasir tarixində ehtiyacı olan xalqla həmrəy olmasının çox normal bir hal olduğunu bildirib və müstəqilliyinin bərpa edilməsinin ilk günlərindən etibarən xalqımızın üzləşdiyi qonşu dövlətin təcavüzkar siyasəti və hərbi münaqişə nəticəsində 1 milyondan çox insanımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə çox əziyyət çəkdiyinə diqqəti cəlb edib.

Bu gün isə Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin iştirakçısı olduğu və ölkəmiz tərəfindən dünyanın 100-dən çox ölkəsinə humanitar və inkişafa yardım göstərildiyi nazir Elmar Məmmədyarov tərəfindən qeyd olunub və bu yardımın gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edilib.

Qeyd edək ki, Azərbaycan keçmiş sovet məkanındakı ölkələr arasında Albaniyanı çətin vəziyyətində dəstəkləyən yeganə ölkə olub.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov