Azərbaycanın göndərdiyi yardım Çinə çatdı- FOTOLAR

  17 Fevral 2020    Oxunub : 1638
 Azərbaycanın göndərdiyi yardım Çinə çatdı- FOTOLAR
Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Mienyen şəhərinə yardım məqsədi ilə göndərdiyi tibbi ləvazimatlar ünvana çatıb .
İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, Mienyen sakinləri və şəhər rəhbərliyi bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu ünvanlayıb.



Bildirilib ki, bu ləvazimatlar dəstinin istifadəsi şəhərdə epidemiyanın qarşısının alınmasında və nəzarətdə saxlanılmasında xeyli köməyi olacaq: “Qətiyyətlə inanırıq ki, Sumqayıtın köməyi və şəhər sakinlərinin birgə səyləri ilə epidemiyaların qarşısını almaq üçün bu mübarizədə ümumi bir qələbə qazana biləcəyik”.

Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib. Hər iki şəhərə koronavirusla mübarizə üçün ehtiyac duyulan tibbi ləvazimatlar göndərilib.



ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə Çində yeni növ koronavirus qurbanlarının sayı 1770 nəfər təşkil edir, 10,8 mindən çox insan virusdan xilas olunub, pnevmoniyanın başlamasından bəri yoluxanların sayı isə 70,5 mindən çox olub.




Azvision.az

Teqlər: Çin   Sumqayıt