Qadınların işgüzar inkişafı təlimləri başa çatdı - FOTOLAR

Qadınların işgüzar inkişafı təlimləri başa çatdı -    FOTOLAR
  10 Fevral 2020    Oxunub:2064
“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) layihəsi çərçivəsində Gəncədə təşkil olunan işgüzar inkişaf təlimləri başa çatıb. Layihə çərçivəsində Gəncə və ətraf ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, təlimin bağlanış mərasimində təlim modullarını uğurla bitirən 200-ə yaxın çox iştirakçıya sertifikatlar təqdim olunub. Mərasimdə iştirak edən agentliyin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Gəncədə iddialı layihələrin olduğunu bildirib: “Buradakı qadınlar bizim layihədə ilk dəfə iştirak etsə də, çox yaxşı və tutarlı ideyalar təqdim etdilər. Biz təlimçilərimizlə birgə həmin ideyaları, layihə və iş planı halına gətirdik. Tezliklə həmin layihələrin icrasını görəcəyik. Zərif cinsin nümayəndələrinə hər zaman mentor dəstək göstərməyə hazırıq”.



Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova çıxış edərək qadınların işgüzar inkişaf üçün belə layihələrin əhəmiyyətindən danışıb, onların dövlətin və cəmiyyətin həyatındakı rolundan bəhs edib. Eyni zamanda, “ABAD” publik hüquqi şəxsin baş marketoloqu Nərmin Məmmədli tədbir iştirakçılarına “ABAD” mərkəzlərinin fəaliyyəti, ailə əməyinə əsaslanan təsərrüfatlara təqdim etdiyi xidmətlər, yaradılmış brendlər haqqında məlumat verib.



Qeyd edək ki, layihə Gəncə ilə yanaşı Mingəçevir, Qəbələ, Quba, Sumqayıt və Şəki iqtisadi zonalarını əhatə edir. Layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçiriləcək. Təlimdən sonra da təlimçilər iştirakçılara mentorluq edəcək, onların ideyalarına dəstək olacaqlar.



Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir.



Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər. Xatırladaq ki, 2017-ci ildən etibarən “ASAN Könüllüləri” və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın uğurlu gələcək” layihəsini icra edib. Layihə çərçivəsində bu ərazilərdə yaşayan 312 nəfər qadın və qızlar turizm sahibkarlığı mövzusunda təlimlərə qoşulub.



Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti