Dubayda azərbaycanlılarla görüş keçirilib

  09 Fevral 2020    Oxunub : 1384
Dubayda azərbaycanlılarla görüş keçirilib
Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin BƏƏ-nin ən böyük şəhəri olan Dubayda yaşayan azərbaycanlılarla görüşü keçirilib.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, görüş Azərbaycanın Dubaydakı Konsulluğunda onlarla soydaşımızın iştirakı ilə keçirilib. Toplantı dövlət himnimizin səsləndirilməsilə başlayıb, daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan video-çarx nümayiş etdirilib.

Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr-dünyanın müxtəlif ölkələrində Koordinasiya Şuralarının yaradılması, Diaspor Gənclərinin Yay Düşərgələri, xaricdə Azərbaycan evlərinin və həftəsonu Qarabağ məktəblərinin yaradılması, eləcə də digər mühüm layihələr haqqında ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı fikir mübadiləsinə, xüsusilə Dubayda yaşayan azərbaycanlıların təklif və problemlərinin dinlənilməsinə üstünlük verilib. Soydaşlarımız ilk növbədə yaşadıqları şəhərdə Azərbaycan məktəbinin açılmasının, dil kurslarının təşkilinin və ya onlayn həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Nəzərə çatdırılıb ki, Dövlət Komitəsi rəhbərliyi və əməkdaşlarının Dubaya səfəri burada yaşayan soydaşlarımızın bir araya gətirilməsi üçün olduqca əhəmiyyətlidir və bu səfərlərin mütamadi olması vacibdir. Dubay şəhərində müxtəlif yüksək mövqelər tutan azərbaycanlılar bildiriblər ki, belə görüşlər buradakı gənc kadrları tanımağımız və onların işlə təminatına kömək etməyimiz baxımından əvəzsiz rol oynayacaq.

Gələcəkdə Dubayda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının yaradılması məsələsi də müzakirə mövzusu olub və soydaşlarımızın burada təşkilatlanmağa meyilli olduğu diqqəti cəlb edib. Azərbaycanın Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov Dubayda yaşayan azərbaycanlılarla görüşü yüksək qiymətləndirib və belə görüşlərin Azərbaycanın tanıdılmasında, soydaşlarımızın təşkilatlanmasında əvəzsiz rol oynadığını vurğulayıb.

Azvision.az

Teqlər: Dispora