Qazaxıstanda iğtişaşlar: Ölənlər və xeyli yaralı var

 Qazaxıstanda iğtişaşlar:  Ölənlər və xeyli yaralı var
  08 Fevral 2020    Oxunub:3753
Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda iğtişaşlar baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Azvision.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Erlan Turqumbayev bildirib. Onun sözlərinə görə, insidentlə əlaqədar təxminən 50 nəfər saxlanılıb.

"Kütləvi iğtişaşlar zamanı 40 iştirakçı bədən xəsarətləri və güllə yaraları alıb. Təəssüf ki, səkkiz nəfər aldığı xəsarətlərdən ölüb. Vəzifə borclarını yerinə yetirən polislər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, o cümlədən iki nəfər güllə yarası alıb", - deyə nazir açıqlama verib.

DİN rəhbəri qeyd edib ki, hazırda iş üzrə 47 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb, onlardan iki ov tüfəngi götürülüb. Ümumilikdə 400-ə yaxın şəxsin qatıldığı iğtişaşlarda 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobilə ziyan dəyib.

Daha əvvəl isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, vəziyyət polis və Milli Qvardiya tərəfindən nəzarət altına alınıb. Prezident hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tapşırıb. Baş Nazirin müavini Berdibek Saparbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   İğtişaş   Yaralı   Ölüm  





Xəbər lenti