Məzahir Pənahov: “MSK seçkilərə tam hazırdır”

      Məzahir Pənahov:    “MSK seçkilərə tam hazırdır”
  07 Fevral 2020    Oxunub:3183
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri fevralın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, komissiyanın inzibati binasında rusiyalı media təmsilçilərini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək qeyd edib ki, Azərbaycanda keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst fəaliyyəti üçün hər cür şərait mövcuddur. Məhz bütün bunların nəticəsidir ki, Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi, habelə çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 78000-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib. Seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq.

Şəffaflığın təmin olunması üçün əlavə vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, dünyanın istənilən yerində olan internet istifadəçilərinə müşahidəçi statusuna yiyələnmədən və hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan hər kəs üçün açıq platformada seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan verir.

Sədr M.Pənahov bildirib ki, MSK başda olmaqla bütün seçki komissiyaları Milli Məclisə seçkilərə tam hazırdır. Səsvermə günü Azərbaycan vətəndaşları azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edə bilərlər.

Görüş çərçivəsində MSK sədri Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində gerçəkləşdirilən layihələr barədə jurnalistlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Azvision.az


Teqlər: MSK   MəzahirPənahov  





Xəbər lenti