Qorxmaz Hüseynov: `1 milyon 760 min nəfər fasiləsiz su alır`

Qorxmaz Hüseynov: `1 milyon 760 min nəfər fasiləsiz su alır`
  24 Dekabr 2013    Oxunub:1299
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov: Bakıda fasiləsiz su alan əhalinin sayı 1 milyon 760 min nəfərə çatdırılıb.

Son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan" hazırlanmışdır. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Böyük Bakının Regional İnkişaf Planı", Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınmışdır. 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.

AzVision.az xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılmışdır: "Belə ki, Su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan 2 mərkəzi su nasos stansiyası layihələndirilib.

Kanalizasiya sistemində Abşeron yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi layihələndirilib".

Q.Hüseynov bildirib ki, yarımadanın mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilmişdir: "Uzunluğu 61 kilometr olan kəmərin istifadəyə verilməsi nəticəsində tarixən yeraltı sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri də daxil olmaqla Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərində yaşayan əhalinin hazırda 122 min nəfərinin su təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa xəttinin əhatə etdiyi zonada yerləşən Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin dayanıqlı su təchizatına da imkan yaradır".

Q.Hüseynov qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhəri və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, bütün qəsəbə və yaşayış massivlərini əhatə edib.

Onun sözlərinə görə, Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır: "Beləliklə, Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78 faizinin fasiləsiz içməli su təminatına nail olunmuşdur. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən Mərkəzi Laboratoriya tikilib Sizin iştirakınızla istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun illər lillənərək suburaxma imkanını 50 faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənmişdir. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6000 metr kanalizasiya xətləri yenilənmiş və ya bərpa edilmiş, nəticədə həmin binaların zirzəmilərinin sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırılmışdır".

Q.Hüseynov deyib ki, uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun tikilməsi, Sahil və Dairəvi kollektorların təmizlənməsi nəticəsində buxtaya sutka ərzində axan 170 min kubmetrə qədər çirkab suyun qarşısı alınaraq Hövsan Aerasiya Stansiyasına yönəldilmişdir: "Hövsan Aerasiya Stansiyasında görülən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılmış, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur. Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınmışdır.

Başa çatdırılmış bu işlərlə yanaşı, içməli su təchizatında müstəsna əhəmiyyət kəsb edəcək, təməli Sizin tərəfinizdən qoyulmuş, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir və 2014-cü ildə başa çatdırılacaqdır.

Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə-Pirallahı kəmərinin davam edən tikintisi də 2014-cü ildə başa çatdırılacaqdır. Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 kilometr olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə start verilmişdir.

Qarşıdakı illərdə yeni Dövlət Proqramına uyğun olaraq ətraf qəsəbələrdə 450 kilometr magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 kilometr içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaqdır".


Teqlər:  





Xəbər lenti