Qəbələdə 28 kilometrlik yol yenidən qurulur

Qəbələdə 28 kilometrlik yol yenidən qurulur
  06 Fevral 2020    Oxunub:1900
Qəbələ rayonunda uzunluğu 28 kilometr olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur. Agentlik tərəfindən IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Əmirvan-Vəndam yolunun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək. Hazırda yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılır. Bunun üçün yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yatağı avtoqreyderlə profilə salınır. Tikintinin əhatə edəcəyə sahə 250 min kvdratmetrdən çoxdur.

Yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yolboyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılamsı, boru başlıqlarının dəmir-betonla tikilməsi nəzərdə tutulur. Həmçinin bir mövcud körpünün də əsaslı şəkildə təmiri layihədə nəzərdə tutulmuş işlərdəndir.

Layihəyə uyğun olaraq daha sonra lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görüləcək, yol birləşmələri təmir ediləcək, çiyin hissələr də lazımi materiallarla təmir edilərək bərkidiləcək. Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə başlanacaq. Belə ki, yolun təqribən 160 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 santimetr hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yolcizgi və yol-göstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 28 kilometrlik Əmirvan-Vəndam avtomobil yolu ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yoluna birləşməklə iki respublika əhəmiyətli yol arasında əlaqələndirici funksiyasını daşıyacaq. Sözügedən marşrutlar üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki və Ağdaş-Zarağan avtomobil yollarını rahat çıxışı təmin edəcək. Bu isə öz növbəsində həm yolun əhatə etdiyi yaşayış məntəqələrində yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edən qonaqların Qəbələ şəhərinə daxil olmadan hərəkətlərinə davam etmək imkanı yaradacaq.

Azvision.az


Teqlər: Qəbələ   Yol   Tikinti  





Xəbər lenti