“Ermənilər özləri deyirlər ki, Qarabağ bizə lazım deyil” - Polkovnik Ramaldanov

  05 Fevral 2020    Oxunub : 8875
 “Ermənilər özləri deyirlər ki, Qarabağ bizə lazım deyil” - Polkovnik Ramaldanov
Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən və yaralanan hərbçilərin sayı artıb. Son bir neçə gündə baş verən intihar halları, əsgərlərin bir-birini güllələməsi də bunu sübut edir. Əsgər ölümləri barədə bu ölkənin mətbuatında tez-tez sensasion yazılar dərc olunmasına baxmayaraq, vəziyyət düzəlmək bilmir.
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdə baş verən əsgər ölümlərinə görə valideynlər tez-tez İrəvanda etiraz aksiyaları keçirirlər.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a açıqlamasında bildirib ki, baş verən son hadisələr Ermənistan ordusunda gedən proseslərin nəticəsidir. Onun sözlərinə görə, ölüm hallarının əsas səbəblərindən biri əsgərlər arasında nizam-intizamın olmamasıdır:

"Erməni hərbçilər arasında “dedovşina” halları çoxdur. Ermənistandan gələn əsgərlərlə Qarabağda olan erməni hərbçilər arasında problemlər var. Onlar bir-birilərini qəbul etmirlər. Bu məsələ Qarabağ problemi başlamamışdan öncə də belə idi. Dağlıq Qarabağda yerləşən hərbi hissələrin zabit heyətinin əksəriyyəti Qarabağ erməniləridir. Əsgər heyəti isə daha çox Ermənistandan gələnlərdir. Xidmət ərazilərində məişət, sosial problemlərin çox olması da belə halları artırıb. Payız-qış mövsümündə xidmət etmək bir az mürəkkəbləşir. Belə ki, havanın soyuduğu vaxtda şəraitsiz yerlərdə xidmət etmələri onların psixoloji gərginliyinə səbəb olur. Bunun üzərinə qeyri-nizami münasibətlər gələndə vəziyyəti daha da ağırlaşdırır. Belə olan halda qeyri-döyüş şəraitində itkilər artır. Onlarda geyim və qida ilə bağlı mütəmadi çətinliklər yaşanır. Bu barədə erməni mətbuatında da tez-tez yazırlar".

Ekspert qeyd edib ki, Ermənistan cəmiyyəti Dağlıq Qarabağı bu formada qəbul etmir: "Onlar bilirlər ki, Qarabağ işğal olunub. Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bunun əsas məqsədi ondan ibarətdir ki, işğal olunmuş ərazilər azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir. Erməni cəmiyyəti bu baxımdan bildirir ki, Qarabağ bizə lazım deyil. Onlar deyirlər ki, niyə bizim övladlarımız gedib orada xidmət etməli və ölməlidir. İstər əsgər anaları, istərsə də digər şəxslər bu barədə fikirlər səsləndirirlər. Belə şəraitdə böyüyən gənclər sabah Dağlıq Qarabağda xidmət etmək məcburiyyəti altında qalanda, bu, onların psixoloji gərginliyinə gətirib çıxarır. Qeyri-döyüş şəraitində olan itkilər ilk növbədə psixoloji gərginlik şəraitində baş verir. Onlarda peşəkarlığın və döyüş hazırlığının aşağı olması da burada özünü göstərir. Bunların hamısı qeyri-döyüş şəraitində itkilərin çox olmasına şərait yaradır. Azərbaycan Silahlı Qüvvələri isə peşəkar ordular sırasında özünəməxsus yer tutur. Ordumuzun 70 faizdən yuxarısı peşəkarlardan ibarətdir. Müqavilə əsasında müddətdən artıq xidmət edən heyət kifayət qədər çoxdur".

Polkovnikin sözlərinə görə, hazırda cəbhə bölgəsində nisbi sakitlik müşahidə edilir. O, əlavə edib ki, atəşkəsin pozulmasının əsas səbəbkarı işğalçı ermənilərin özləridir: "Son vaxtlar istər Qazax, istərsə də digər istiqamətlərdə Azərbaycan Ordusunun əsgərləri düşmənə layiqincə cavab verir. Sərrast atışların nəticəsidir ki, atəş nöqtələri susdurulur. Bu baxımdan cəbhə bölgəsində atəşkəsin pozulması gərgin şəraitdə deyil. Düşmən ordusunda isə sadaladığımız səbəblərdən qeyri-döyüş itkilərinin sayı durmadan artır".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Erməni   Əsgər   Ölüm