Elmar Məmmədyarov Polşanın yeni səfirini qəbul edib

  04 Fevral 2020    Oxunub : 1171
Elmar Məmmədyarov Polşanın yeni səfirini qəbul edib
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizə yeni təyin olunmuş səfiri Rafal Poborskini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini təyinatı münasibətilə təbrik edib, onun ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə Polşa arasında iqtisadi, ticarət, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin əməkdaşlığın humanitar aspektləri müzakirə olunub.

Tərəflər ölkələrimiz arasında ən yüksək səviyyədə həyata keçirilən mübadilə və görüşləri qeyd ediblər. Bu xüsusda, Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində iki ölkə prezidentlərinin səmimi və səmərəli görüşü zamanı Azərbaycan ilə Polşa arasında nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığın inkişafının müzakirə edildiyi məmnuniyyətlə vurğulanıb.

Səfir Rafal Poborski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Azvision.az

Teqlər: XİN   Polşa   Səfir