Azərbaycanla Qətər arasında yeni sazişlər imzalanacaq

Azərbaycanla Qətər arasında yeni sazişlər imzalanacaq
  04 Fevral 2020    Oxunub:2632
Azərbaycanla Qətər dövləti beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Qətərin "The Peninsula" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, rəsmi Bakı Qətərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir: “Beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də BMT və İƏT çərçivəsində Qətər Azərbaycanın hələ də Ermənistanın işğalı altında olan ərazilərinin azad edilməsini tələb edən qətnamələrin qəbul edilməsində öz dəstəyini göstərib. Bu amillər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini və gələcəkdə daha dərin əməkdaşlığın təməlinin qoyulduğunu göstərir".

Nazir müavini qeyd edib ki, Azərbaycan və Qətər beynəlxalq, regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir: "Əminəm ki, son 25 ildə Azərbaycanla Qətər arasında qurulmuş etibarlı siyasi və iqtisadi əməkdaşlıq gələcək üçün münasibətlərimizin uğurlu inkişafını təmin edəcəkdir. Ölkələr arasında mövcud yüksək səviyyəli siyasi münasibətlər fonunda hər iki tərəf iqtisadi tərəfdaşlığın, o cümlədən investisiya, ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Tərəflərin iqtisadi əməkdaşlıq, investisiyaların qorunması və təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzaladıqları sazişlər bu sahədə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası ərazisində qurulmuş nəqliyyat və rabitə dəhlizləri Qətərlə Cənub-Şimal və Cənub-Qərb istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlığı təşviq edə bilər".

M.Məmməd-Quliyev əlavə edib ki, Azərbaycanla Qətər arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 32 saziş və anlaşma memorandumu imzalanıb. Bu razılaşmalara bütün perspektivli sahələrdə əməkdaşlıq daxildir. Hazırda iki ölkə qida təhlükəsizliyi, gömrük, turizm, biznes, baytarlıq və qısamüddətli qalma üçün viza sadələşdirilməsi sahələrində əməkdaşlığı əhatə edəcək saziş layihələri üzərində işləyir.

"Hesab edirəm ki, ticarət məsələsinə xüsusi diqqət yetirilməlidir. Düşünürəm ki, hər iki istiqamətdə ticarətin artması üçün potensial var, çünki indi biz bir-birimizə daha çox təklif edə bilərik. Şadam ki, Qətərdən gələn turistlərin sayı artır və bu, əməkdaşlığımızın yaxşı bir əlamətidir. Bildiyiniz kimi, vətəndaşlarınız üçün viza tələbini asanlaşdırdıq və əminəm ki, hər iki istiqamətdə turist sayının artacağını görəcəyik.

Əməkdaşlıq üçün digər bir potensial sahə investisiyalardır. Qətər Azərbaycan kimi xaricə sərmayə qoyur, birgə investisiya layihələri üçün sahələr tapa bilərik. Hökumətlərarası İqtisadi Komissiyanın iclaslarını mütəmadi olaraq təşkil etmək lazımdır və biz bu iclasların protokollarında əksini tapan nəticələrin reallaşmasına diqqət yetirməliyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nazirmüavini   MahmudMəmməd-Quliyev  





Xəbər lenti