Con Kerri prezident seçkilərinə qoşulur?

Con Kerri prezident seçkilərinə qoşulur?
  03 Fevral 2020    Oxunub:2411
ABŞ-ın sabiq dövlət katibi Con Kerri prezident seçkilərində iştirakını istisna etməyib.
Azvision.az NBC-yə istinadən xəbər verir ki, Kerri Vermont ştatından olan senator Berni Sandersin çox uzağa getdiyi təqdirdə, Demokrat Partiyasının kampaniyasına qoşulma ehtimalını açıqlayıb.

Sabiq dövlət katibi Ayova ştatındakı restoranlardan birində deyib ki, prezidentliyə namizəd olmaq üçün “Bank of America”nın rəhbərliyindən getməli və ödənişli çıxışlardan imtina etməlidir.

Onun sözlərinə görə, Berni ilə bağlı reallıqlar məlum olduğu üçün demokrat donorlar bir neçə milyon dollar ayırmalı olacaqlar. Kerri NBC-yə şərhində isə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək fikrinin olmadığını deyib.

Xatırladaq ki, Con Kerri 2004-cü ilin noyabrında Demokrat Partiyasından prezidentliyə namizəd olub. Seçkidə 59,03 milyon səs (48 faizi) qazanan Kerri 62,04 milyon səs alan (51 faizi) Corc Buşa uduzub. 1 fevral 2013-cü ildən 20 yanvar 2017-ci ilə qədər Kerri ABŞ-ın dövlət katibi vəzifəsində çalışıb.

“Foreign Policy” jurnalının sifarişi ilə 2015-ci ilin fevralında amerikalı politoloqlar arasında aparılan sorğuda, Kerri son 50 ildə ABŞ-ın ən az təsirli dövlət katibi seçilib. Mütəxəssislərin yalnız 0.3% -i onun işini səmərəli hesab edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibəsində Demokrat Partiyasının 2016-cı il seçkilərində olduğu kimi, 2020-ci ildə də Vermont senatoru Berni Sandersin prezidentliyə namizəd olmasına imkan verməyəcəklərindən qorxduğunu dilə gətirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Kerri  





Xəbər lenti