Naxçıvanda da koronavirusla bağlı xüsusi palatalar ayrıldı

 Naxçıvanda da koronavirusla bağlı xüsusi palatalar ayrıldı
  01 Fevral 2020    Oxunub:5351
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni koronavirus aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. Hazırda xəstəlik viruslarının artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması davam etməkdədir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, muxtar respublika ərazisində koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun geostrateji mövqeyi, həmsərhəd olan ölkələrə gediş-gəlişlər zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Bu məqsədlə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən dezinfeksiya işlərinə başlanılıb. Bu tədbir, ilk növbədə, əhalinin sıx məskunlaşdığı yerləri əhatə etməklə Naxçıvan şəhər avtovağzalında, dəmiryol vağzalında, “Cahan” Ticarət Mərkəzində həyata keçirilib. Xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında gömrük və səhiyyə mütəxəssislərinin qarşılıqlı fəaliyyəti təmin olunub.

Gömrük məntəqələrində, hava limanında monitorda muxtar respublikaya gələnlərin vizual tibbi müşahidəsi, hərarətinin ölçülməsi təşkil edilib. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Səhiyyə  





Xəbər lenti