Metroda yeni vaqonlar istifadəyə verildi

Metroda yeni vaqonlar istifadəyə verildi
  23 Dekabr 2013    Oxunub:2211
“Bakı metrosunda xəttə 5 modernləşmiş vaqon buraxılıb. Bu qatar tərkibi 25 ildən artıq xətlərdə istismar olunub”
Bakı Metropoliteni əsaslı təmir edilən vaqonlar sırasına daha 5-ni əlavə edib.

AzVision.az-a bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat veriblər.
Bildiriblər ki, həmin qatarlar Tbilisi elektrik qatarlarının təmiri zavodunda yenilənib. Bu qatar tərkibi 25 ildən artıq xətlərdə istismar olunub. Yeniliklər arasında sərnişin salonunu işıqlandırmaq və akkumulyator batareyalarını doldurmaq olan akkumulyator yığıcıları və qidalanma blokunu qeyd etmək olar. Bunlar yeni nəsil istehsalı olduğundan qulluğu və istismarı xeyli sadələşdirilib.

Metropolitendən verilən məlumata görə, əsas dəyişiklik bu sistemlərin təsiri ilə qatarın səs-küyünün xeyli azalmasıdır. Dəyişdirilən avadanlıq və detalların dünyanın aparıcı müəssisələrinin istehsalı olmasına və standartlara cavab verməsinə də xüsusi diqqət edilib. Əksər detallar tanınmış Qərbi Avropa ölkələrinin məhsuludur.

“Salonun plastikası indi tam fərqlidir. Yeniləşmiş xarici və daxili boyası korroziyaya davamlılığı, rəng effektinin uzun müddət qoruması ilə seçilir. Dəyişikliklər həm də praktiki əhəmiyyət kəsb edir və ilk növbədə, təhlükəsizlik baxımından fərqlənir. Döşəmə və tavan müasir, odadavamlı materiallardandır. Salondakı tutacaqlar paslanmayan dəmirdən, oturacaqlar antivandal yumşaq materialdandır”, - deyə xəbərdə bildirilir.

Havalandırma sistemi də köklü dəyişikliyə məruz qalıb. Xüsusi şəbəkə lövhə ilə üzəri örtülmüş havalandırma yuvalarının estetik görkəmi də dəyişib. Qapılar əvvəlkindən fərqlidir, onun silindrləri modernləşdirilib, asılqanı əvvəlki separator sisteminin yerinə diyircəkli yastıqlarla əvəzlənib və bu səbəbdən daha etibarlıdır. Maşinist kabinəsinin isə ön şüşələri isti və soyuq hava şəraitinə asanlıqla uyğunlaşır, deformasiyaya davamlı, etibarlı və təhlükəsizdir. Yan güzgülər daha iridir, həm də funksionallığı ilə seçilir.

Güzgünü idarəetmə pultundan avtomatik tənzimləmək də olur. Kabinə tam elektronlaşdırılıb.
Vaqonlarda elektrik, mexaniki və pnevmatik hissələr, arabacıq xüsusi defektoskopiya yoxlamasından çıxarılıb, naqil sistemi tam dəyişdirilib.


Teqlər:  





Xəbər lenti