Milli Qəhrəman Təbriz Xəlilbəylinin anım günüdür

Milli Qəhrəman Təbriz Xəlilbəylinin anım günüdür
  31 Yanvar 2020    Oxunub:3194
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin anım günüdür.
Azvision.az -ın məlumatına görə, Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il 12 fevralda Bakı şəhərində, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.

1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.



T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. O, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüş şücaətinə görə, DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar tarixində Təbriz Xəlilbəylinin son döyüşü olub. Həmin döyüşdə Təbriz qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

Azvision.az


Teqlər: MilliQəhrəman   TəbrizXəlilbəyli  





Xəbər lenti