ABAD-ın 3 il ərzində 3 milyonluq dövriyyəsi olub

   ABAD-ın 3 il ərzində 3 milyonluq dövriyyəsi olub
  29 Yanvar 2020    Oxunub:2114
ABAD-ın 3 illik fəaliyyəti dövründə 3 milyon manat dövriyyəsi olub.
Azvision.az xəbər verir ki, bunu "ABAD" publik hüquqi şəxsin şöbə müdiri Turanə Qasımova deyib. Onun sözlərinə görə, bu, birbaşa ABAD-çıların qazancı deməkdir.

"Bir ABAD-çının hesabına ay ərzində orta aylıq minimum 300-400 manat vəsait köçürülür. Fəaliyyəti ilə seçilən və məhsullarının daha geniş auditoriyası olan ABADçılarımız da var ki, ay çərçivəsində daha çox məbləğ əldə ediblər".

T.Qasımova bildirib ki, hazırda 419 ABAD-çıya dəstək göstərilir. "Onlardan 338-ni sırf dekorativ tətbiqi xalq sənəti sahəsi, qalanı isə qida məhsulları sahəsində fəaliyyət göstərən ABAD-çılar təşkil edir.

ABAD-çı olmaqla bağlı bizə kifayət qədər müraciətlər gəlir. Gün ərzində ABAD-ın sayt üzərindən reyestrinə təxminən 2 müraciət daxil olur. Bütün müraciətlərə baxılır və həmin şəxslər müsahibəyə dəvət olunurlar".

Şöbə müdiri qeyd edib ki, qida sahəsində iddialı olan, keyfiyyətli məhsul istehsal edən ailə, kiçik sahibkar və əl işləri üzrə fəaliyyət göstərən, dekorativ tətbiqi xalq sənətkarlığı üzrə suvenirlər istehsal edən şəxslər abad.gov.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABAD  





Xəbər lenti