“Tibb müəssisələrində koronavirusla bağlı lazımi şərait yaradılıb” - Afaq Əliyeva

  28 Yanvar 2020    Oxunub : 2219
 “Tibb müəssisələrində koronavirusla bağlı lazımi şərait yaradılıb” - Afaq Əliyeva
Azərbaycanda koronavirusun yeni növünə yoluxan şübhəli xəstə aşkar olunmayıb.

Azvision.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, əgər belə xəstə aşkar olunarsa, karantin xidmətinə, Səhiyyə Nazirliyinə məlumat veriləcək və lazımi tədbirlər keçirilicək.
“Tibb müəssisələrində lazımi şərait yaradılıb. Eyni zamanda rayon və şəhər mərkəzi xəstəxanalarında da palatalar ayrılıb. Onlar innovasiya və təhcizat mərkəzi tərəfindən lazımi dərman preparatları, dezinfeksiyaedici vasitələr və digər ləvazimatlarla yüksək səviyyədə təmin edilib. İnsanlar arasında xəstəliklə bağlı təşviş var, lakin buna ehtiyac yoxdur. Azərbaycana şübhəli xəstə gəlməyib”.

A.Əliyeva qeyd edib ki, Çindən qayıdan hər bir şəxs nəzarətdə saxlanılmalıdır: “Vətənə qayıdanlar olarsa, onlar nəzarətə götürülməlidir. Xəstəliyin inkubasiya dövrü 2 gündən 14 günə qədərdir. Ona görə həmin şəxslər sağlam olsa belə ərazi tibb müəssisəsi tərəfindən nəzarətdə saxlanılmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, Çinin Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Afaq-Əliyeva