Ən bahalı Qarabağ atı 50 min manata təklif edilir

 Ən bahalı Qarabağ atı 50 min manata təklif edilir
  28 Yanvar 2020    Oxunub:8613
Hazırda “Qarabağ Atçılıq Zavodu”nda ən bahalı at 50 min manata təklif edilir. Bu atlar əslində çox dəyərli atlardır

“Qarabağ Atçılıq Zavodu” MMC-nin direktoru Maarif Hüseynov Azvision.az -a açıqlamasında bildirib ki, hazırda müəssisədə 236 baş at var və onların hər biri xarici ölkələrə satılmaq, sərgiyə çıxarılmaq, cıdıra getmək qabiliyyətində saxlanılır:
“Zavodda atlar xüsusi rejimdə saxlanılır. Cıdır, məşq atları, damazlıq doğan madyanlar, yeni doğulmuşlar ayrı-ayrı qəfəslərdədir və çox yaxşı bəslənilir. Yüksək səviyyədə inkişaf var, artım yaxşıdır. Bakıda cıdır yarışlarının keçirilməsini gözləyirik ki, cıdır atlarımızı meydana çıxaraq. Bu yolla onları xarici ölkələrə satışa çıxara bilərik. SSRİ zamanında Moskvada hərraclar olurdu, hər il “Qarabağ Atçılıq Zavodu”ndan 20-25 baş atı hərracda sata bilirdik. Yüksək səviyyədə pul əldə edilirdi. Həm SSRİ, həm Azərbaycan yaxşı pul götürürdü, yerdə qalan vəsaiti biz əldə edirdik. Bu da bizə atları saxmalaq üçün maddi dəstək idi. Həmin vaxtlar atlarımız İngiltərə, Fransa, Almaniya, Belçika kimi ölkələrə satılırdı. Bizim atların bir çox xüsusiyyəti atbazların xoşuna gəlirdi. Həm rənginin gözəlliyi, qızılı kürən olması, nişanələrinin olması diqqəti çəkirdi. O cümlədən, Qarabağ atlarının bədən quruluşu, normal hündürlükdə olması da alıcıları cəlb edirdi. Bu atları minib-düşmək asandır”.



M.Hüseynovun sözlərinə görə, il ərzində cəmi 3-5 baş at satılır. Onları alan da yerli sahibkarlardır: “Bizim sahibkarlar əsasən təsərrüfatda istifadə etmək və minmək üçün atları alırlar. Kənd Təsərrüfatı Nazirliyinə məlumat vermişik ki, atların satılması üçün müəyyən şərait yaradılsın”.



Direktor əlavə edib ki, Bakı Dövlət Cıdır Meydanı fəaliyyət göstərmir, cıdır yarışları keçirilmir ki, respublikanın digər bölgələrindən gələn atların vəziyyəti öyrənilsin. "Hər il yarış, sınaq keçirilməli, atların gücü bilinməli, iş qabiliyyəti öyrənilməlidir. Meydan olmadığı üçün atları sınağa çıxara bilmirik. Bununla da bazara çıxmaq imkanı zəifləyir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   At   Zavod  





Xəbər lenti