Helikopter qəzalarında ölən tanınmışlar - FOTOLAR

Helikopter qəzalarında ölən tanınmışlar -  FOTOLAR
  27 Yanvar 2020    Oxunub:11329
Ötən gün məşhur amerikalı basketbolçu Kobe Brayant helikopter qəzasında həlak olub. Hadisə Kaliforniyada baş verib. Brayanta məxsus helikopterin yerə çırpılması nəticəsində onunla yanaşı 13 yaşlı qızı da ölüb. İndiyədək əfsanəvi basketbolçu Brayantla yanaşı bir neçə məşhur şəxs də helikopter qəzasında dünyasını dəyişib.
Azvision.az son illərdə helikopter qəzasında ölən məşhurlarla bağlı məlumatları təqdim edir:



İlk olaraq ötən gün dünyasını dəyişən Kobe Brayantdan başlayaq. Qəzada ölən iki qat olimpiya və beş qat NBA çempionu, “Black Mamba” ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu. Brayantın qəzada həlak olan 13 yaşlı qızı Ciannadan başqa 3 övladı yadigar qalıb.



Bu il yanvarın 2-də Tayvanda "Black Hawk" helikopteri qəzaya uğrayıb. Taybey yaxınlığında yerə düşən helikopterdə 13 nəfər olub. Onlardan 8-i ölüb, 5 nəfər isə xilas edilib. Ölənlərdən biri Tayvanın Baş qərargah rəisi Şen Yi Minq olub.



2019-cu ilin iyul ayında amerikalı milyarder Kris Klayn helikopter qəzasında həyatını itirib. Belə ki, Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Onların arasında kömür maqnatı Kris Klayn da olub. O, ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı. Klaynın sərvəti 1,8 milyard dollar civarında qiymətləndirilirdi.



2018-ci ilin oktyabr ayında İngiltərənin “Lester Siti” klubunun sahibi, tanınmış iş adamı Vişay Şrivaddanaprabha helikopter qəzasında ölüb. O, 2011-ci ildə “Lester Siti” klubunu almışdı. 4,9 milyard dollar sərvəti olan iş adamı Taylandın ən zəngin 5 adamından biri idi.



2017-ci ilin sentyabr ayında dünya şöhrətli musiqiçi Troy Gentri də helikopter qəzasında həlak olub. Hadisə ABŞ-ın Nyu-Cersi ştatında baş verib. O, “Montgomery Gentry” musiqi qrupunun solisti idi.



Bundan başqa, 2017-ci ilin dekabr ayında Hondurasda dəhşətli helikopter qəzası baş verib. Helikopterin qəzaya uğraması nəticəsində içərisində olan 6 nəfər sərnişin həlak olub. Sərnişinlər arasında Honduras Prezidenti Xuan Orlando Ernandesin bacısı, sabiq rabitə naziri İlda Ernandes də olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Helikopter   Qəza  





Xəbər lenti