“Yüksəliş”lə bağlı Astarada “Səyyar qeydiyyat” aparılıb

  25 Yanvar 2020    Oxunub : 1426
“Yüksəliş”lə bağlı Astarada “Səyyar qeydiyyat” aparılıb
Astarada Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Yüksəliş” müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim, yarımfinal və finaldan ibarət olmaqla beş mərhələdə keçiriləcək. Vətəndaşlara qeydiyyat üçün hər bir texniki dəstək göstərilib. Müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçiblər.

Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri Səfail Məmmədov, Asiman Qasımlı, Tural Eyvazov, Fikrət Talıbov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, idarənin əməkdaşları İqrar Cəfərov, Rufan Şirinov, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri müsabiqənin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıblar.

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı iki il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və idarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Yekunda 25 nəfər astaralı “Yüksəliş” müsabiqəsinin “Səyyar qeydiyyat” xidmətindən faydalanıb.

Azvision.az

Teqlər: Yüksəliş