Sabirabad xəstəxanasında kütləvi zəhərlənmə olub? - Açıqlama

 Sabirabad xəstəxanasında kütləvi zəhərlənmə olub? -    Açıqlama
  24 Yanvar 2020    Oxunub:5235
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında dializ xəstələri arasında kütləvi zəhərlənmə halı baş verməyib.

Bu barədə Azvision.az -a açıqlamasında xəstəxananın baş həkimi Ənvər Lumanov bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir.
"Dünən 1-2 dializ xəstəsinin halı pisləşib, onlara köməklik edilib. Yalandan yazırlar ki, guya zəhərlənmə olub. Dializ xəstələri yerindədir və müalicələrini davam etdirirlər. Xəstələr seans alanda həmişə müəyyən narahatlıqları olur, yəni birinin təzyiqi qalxır, digərinin ayaqları şişir. Bir nəfərin isə mədəsində xroniki yara var, 2-3 dəfə qanaxması olub. Axşam həmin xəstədə yenidən qanaxma olub, reanimasiyada səhərə qədər nəzarətdə saxlanılıb, yenidən Bakıya Respublika Kliniki Xəstəxanasına göndərilib. Burada gündə 16 xəstə üçün seans gedir, onda hamısı zəhərlənsin?! Bizdə 8-10 il dializ alan xəstələr var. Həmin şəxslərdə metobolik proseslə bağlı təzyiq düşür, qalxır və ya ürəkbulanma, qusma baş verir. Bunun zəhərlənməyə heç bir aidiyyatı yoxdur”.

Ə.Lumunov qeyd edib ki, xəstəxanada uroloq və nefroloq çatışmazlığı barədə Səhiyyə Nazirliyinə məlumat verilib: “Kadr yoxdur. Tibb bacıları ixtisaslaşıblar və 2 ildir həkimdən də yaxşı qulluq edirlər. Kardioloq həkimimiz onlara nəzarət edir. İndiyədək problem yaranmayıb".

Qeyd edək ki, sosial şəbəkələrdə Sabirabad rayonunda 3 il əvvəl təmir olunan xəstəxanada dializ xəstələrinin kütləvi şəkildə zəhərlənməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, xəstəxanada uroloq və nefroloq olmadığından dializi tibb bacıları edir.



Aytən Zəhra
Azvision.az


Teqlər: Sabirabad   Xəstəxana   Zəhərlənmə  





Xəbər lenti