“Abşeron” layihəsinin icrasına dair müzakirələr aparılıb

  22 Yanvar 2020    Oxunub : 1565
“Abşeron” layihəsinin icrasına dair müzakirələr aparılıb
Energetika naziri Pərviz Şahbazov “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutla görüşüb.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə “Abşeron” layihəsinin icra vəziyyəti və “Total” şirkəti ilə bərpaolunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

P.Şahbazov “Abşeron” layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb.

“Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru R.Agut “Abşeron” layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla “Abşeron” yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur.

Görüşdə “Total” şirkətinin enerji transformasiyası prosesində roluna və bərpaolunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Energetika Nazirliyi və “Total Eren” şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış anlaşma memorandumu xatırladılıb və bərpaolunan enerji layihələri üzrə keçiriləcək hərraclarda şirkətlə əməkdaşlığın davam etdirilməsi niyyəti ifadə olunub.

Azvision.az

Teqlər: