Məhkəmə erməni generalın ölümünü gözləyir

  22 Yanvar 2020    Oxunub : 1300
Məhkəmə erməni generalın ölümünü gözləyir
Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryan hərəkət edə bilmir və xüsusi texnikanın köməyi ilə nəfəs alır.
Azvision.az xəbər verir ki, bu barədə generalın vəkili Levon Baqdasaryan bildirib. Vəkilin sözlərinə görə, general hələ də “Nairi” tibb mərkəzinin reanimasiya şöbəsindədir və həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

"Ola bilsin ki, məhkəmənin sağlam Manvel Qriqoryana ehtiyacı yoxdur. Bəlkə də onu ölü görməyi üstün tuturlar",- deyə vəkil əlavə edib.

Baqdasaryanın sözlərinə görə, indiyə kimi öz təcrübəsində bir insanın 8-9 ay müddətində xəstəxanada olması və səhhətinin yalnız pisləşməsi hadisəsi ilə qarşılaşmayıb.

Qeyd edək ki, yanvarın 21-də Qriqoryanın vəkilləri məhkəməyə ərizə ilə müraciət edərək erməni generalın xaricdə müalicəsinə razılıq verilməsini istəyiblər. Onlar qohumlarının Qriqoryanı Fransaya, əvvəllər müalicə aldığı klinikaya aparmaq niyyətlərini bildiriblər. Məhkəmə bu tələbi rədd edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qriqoryan   General   Erməni