“Yalnız Bakı deyil, bütün regionlar müasirləşib” - Baş Nazirin müavini

  “Yalnız Bakı deyil, bütün regionlar müasirləşib” -    Baş Nazirin müavini
  22 Yanvar 2020    Oxunub:3155
Bu gün Azərbaycan dünyanın ən geniş islahatlar həyata keçirən ölkələri sırasındadır.
Azvision.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir.

Ə.Əhmədov bildirib ki, nisbətən gənc dövlət olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 29 il ərzində ciddi nailiyyətlər əldə edib.

"Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə onun həyatı heç də problemsiz keçməyib. ərazilərinin 20 faizinin işğal olunması nəticəsində problemlərin həlli, sosial həyatın təmin edilməsi, iqtisadiyyatın inkişafı üçün üçün böyük səylər göstərilməli olub".

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycan düzgün strategiya seçməsi nəticəsində böyük inkişaf mərhələsi keçib.

"Azərbaycanda son 15-16 ildə iqtisadiyyatı 3,4 dəfə, ölkənin büdcəsinin gəlirləri təxminən 20 dəfəyədək, əhalinin nominal əməkhaqqı 10 dəfəyədək artıb. Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsi üçün qoyulan vəsaitlər 23 dəfə artıb. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Bu illər ərzində yalnız Bakı deyil, Azərbaycanın bütün regionları simasını dəyişib, müasirləşib. Beləliklə, Azərbaycan müasir dövlət qurulması istiqamətində böyük işlər görüb. İnkişafın davamlılığının təmin edilməsinin çox mühüm amillərindən biri daim yeniləşmək və islahatların həyata keçirilməsinə hazır olmaqdır".

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın sosial-iqtisadi göstəriciləri bundan sonra da yaxşılaşacaq.

"2019-cu ildə əhalinin həyat şəraitinin yaxşılaşması üçün bir çox tədbirlər həyata keçirilib. Azərbaycanın 10 milyon nəfərlik əhalisinin təxminən 1 milyonu öz torpaqlarından məcburi köçkün düşmüş insanlardır. Bu baxımdan onların Azərbaycan dövlətinin yardımına ehtiyacı var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov   YAP  





Xəbər lenti