Əfsanəvi general Həzi Aslanovun doğum günüdür

Əfsanəvi general Həzi Aslanovun doğum günüdür
  22 Yanvar 2020    Oxunub:2844
Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.
Azvision.az bildirir ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.



İkinci dünya müharibəsi başlayanda, o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O, öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı.



Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılıb ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilib. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb, 23 saat sağ qalıb. Onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdi.

Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun " Sərkərdənin taleyi " adlı sənədli kitabında deyilir:

“Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu. Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdəm. O dedi: "H.Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı”.



Beqiaşvilinin fikirincə, H.Aslanov qətlə yetirilib. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqqramyan təşkil etmişdi. Çünki, H.Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və öz ordumuzun açdığı mərmi atəşindən sonra mümkün olub.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Azvision.az


Teqlər: HəziAslanov   General-mayor  





Xəbər lenti