Ermənistan iqtisadi böhrandan çıxa bilmir - Vəziyyət getdikcə pisləşir

  21 Yanvar 2020    Oxunub : 3334
Ermənistan iqtisadi böhrandan çıxa bilmir - Vəziyyət getdikcə pisləşir
“2020-ci il iqtisadi baxımdan Ermənistan üçün çətin olacaq, baxmayaraq ki, hakimiyyət iqtisadi inqilabın davam etməsi ilə bağlı açıqlamalar verir”.

Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşrində dərc edilən məqalədə deyilir. Nəşr yazıb ki, hökumət 2020-ci ildə 4.9% iqtisadi artımın təmin olunacağını proqnozlaşdırır, ancaq bu rəqəm daha yüksək artımı nəzərdə tutan iqtisadi inqilabın məntiqi ilə üst-üstə düşmür.
Eyni zamanda, bu proqnoz da özünü doğrultmayacaq. Çünki iqtisadiyyata mənfi təsir göstərə biləcək bir çox real risklər var.

Avropa İqtisadi ittifaqından kənar ölkələrdən malların idxalı zamanı gömrük rüsumlarının artırılmasının nəticələri artıq Ermənistan iqtisadiyyatında nəzərə çarpmaqdadır. Fakt budur ki, 2020-ci il yanvarın 1-dən etibarən 700-ə yaxın məhsul üzrə gömrük dərəcəsi artırılıb.

Bahalaşan mallar arasında zəruri məhsullar və dərmanların olması diqqət çəkir. Bununla əlaqədar olaraq kənd təsərrüfatı, səhiyyə, tekstil, tikinti və digər sahələrdə qiymət artımı gözlənilir.

2020-ci ilin yanvar ayından etibarən Ermənistanda Aİİ-nin gömrük rəsmiləşdirmə dərəcələri də qüvvəyə minib, bunun nəticəsində üçüncü ölkələrdən gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi təxminən 6 dəfə artacaq.

Bu, o deməkdir ki, dövlət büdcəsinə külli miqdarda pul gətirən üçüncü ölkələrdən avtomobillərin idxalı prosesi dayanıb və bunun nəticəsində Ermənistan bazarında avtomobil qiymətlərinin artması tendensiyası müşahidə olunur.

“İqtisadi inqilab olacaq, lakin hakimiyyət nümayəndələrinin həyatında” - deyə məqalədə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan